Artıq dəfələrlə belə bir halın şahidi olmuşam. İllərdir öyrəşdiyimiz, adət etdiyimiz, kənara çıxa bilmədiyimiz qəliblər var. Bu qəliblər bizi sıxaraq istəklərimizi boğmağımıza, necə görmüşüksə elə hərəkət etməyə vadar edir. Burada ən birinci amil mühitdir, mühit insanı formalaşdırır, onun düşüncəsinə, istəklərinə, arzularına, xəyallarına təsir edir. İstər-istəməz insanlar lap başqa cür həyat xəyal etsələr belə, istəklərinə zidd getməli olurlar, el qınağından çəkinirlər.
Standart həyat tərzi standart mühitdə yaşayıb, böyüdükdən sonra fərqli mühitə düşən insanlar üçün qəbuledilməz olur. Onlar şablonlardan qaçırlar, məsələn yaxşı qız, oğlanla ailə həyatı qurmağın vacibliyi, universitet bitirib diplom almaq, qızsansa müəllim, həkim olmaq, oğlansansa yaxşı pul gətirən sənət sahibi olub iş tapmaq, valideyn olmaq, uşaq böyütmək və s. kimi.
Ancaq bəzən düşünəndə çoxlarımız bu qəlibli həyatdan bezirik, axı hər kəsin özünə uyğun düşüncə tərzi, istəkləri var. Hər hansısa səbəbdən bu istəklərinə məhdudiyyət qoymalı olur.
Dədə-babadan gördüyümüz adətləri yerinə yetirməklə yanaşı onun mənasına da varmaq lazımdır. Məsələn uşaqlara ad günü keçiriləndə verilən qonaqlıqdan uşaq heç bir zövq almır, sanki heç onun ad günü deyil. Qadınlar ən dadlı, hamının ağız dadına uyğun yeməklər hazırlayır, gözəl süfrə açırlar, ancaq uşaq bu yeməklərin heç birinin dadına belə baxmır, çünki onu nəzərə alan olmur, hər kəs öz heyində olur.
Ancaq uşaqlar üçün evdə oyunlar qurmaq, maraqlı əyləncələr təşkil etmək, onları teatra, əyləncə mərkəzlərinə aparmaq olar. Bəzən heç uşağa hədiyyə də alınmır, gələnlər pul verirlər, o pul da anaya, ataya çatır, yenə də uşaq qalır bir kənarda.
Belə qəliblərdən qaçmaq olar, əsas odur ki, uşaqların gözü, könlü razı qalsın, ürəkləri açılsın.