Azərbaycanda 123 min gənc işsizdir. Bu oxuduğum bir statistik xəbərin başlığıdır. Ancaq real vəziyyətə nəzər saldıqda bu nəticənin əsl həqiqətin yanında çox az qaldığını görmək heç də çətin deyil. Çünki gənclərin əksəriyyətindən də çoxu işsizdir.
Diplom alıb, hər hansısa bir ixtisasa yiyələnən gənclərin əksəriyyəti o ixtisas üzrə iş tapa bilmədiklərindən fəhlə, ofisiant, satıcı və s. kimi işlərə üz tuturlar. Belə işlər üçün zehni yox fiziki əməyə ehtiyac olduğundan bu işlərə daha tez cəlb olunurlar. Ona görə də savadsızlıq, işsizlik baş alıb gedir. Həkim, mühəndis, tərcüməçi, müəllim, mexanik, mühasib və s. kimi ixtisaslara yeyələnən bu sahələr üzrə ixtisaslaşanların gedib fəhlə, sürücü, ofisiant işləməsi onun iş tapması demək deyil. Ona görə də statistik nəticədəki sıfırların sayı da artır.
Gənclərin iş tapa bilməməsinin səbəblərindən biri iş təcrübəsi olmyanların işə qəbul olunmamasıdır, əgər bir tələbə yenicə universiteti qurtarıbsa, bitirdiyi ixtisas üzrə iş axtaranda onun necə iş təcrübəsi ola bilər? Düzdür elə yerlər var ki, orada işə qəbul testlə, müsahibəylə aparılır.
Ancaq qanunsuz hallar, korrupsiyanın olması bu yerlərdə də iş tapmağa mane olur. İş axtaran insanların əsəbləri tarıma çəkilir, neçə yerə üz tutsalar da bir nəticə əldə edə bilməyib, necə olur olsun, hansı iş olur olsun iş tapmağa çalışırlar.
Burada da dərin uçurumlar yaranır. Söhbət heç də ixtisasından başı çıxmayan, o sahədə bilik sahibi olmayan, savadsız, biliksiz insanlardan getmir. Tanışlıq və ya pul vasitəsilə işə düzələn insanlardan qat-qat savadlı, elmli, bilikli, təcrübəli, dünyagörüşlü, ağılllı, məsuliyyətli, işə can yandıran insanlar var ki, qalıblar çöldə, işləmək istədiyi müəssisədə iş tapa bilmir, işə qəbul olunmur.
İnsanın özündən çox şey asılı olduğu kimi, qarşısındakından da asılıdır. Ən azından bütün müəssisələr, şirkətlər, dövlət orqanları işləmək istəyən, yenicə universiteti bitirən gənclərə şans yaratmalıdırlar. Əgər o işdə bir nailiyyət, uğur əldə edə bilməyəcəksə, işə heç bir töhfəsi olmayacaqsa, işinə ciddi, məsuliyyətli yanaşmayacaqsa onsuzda onun o işdə saxlamaq da lazım deyil. Ən azından bu işsiz insanlara şərait yaratmaq, onları gələcək həyata hazırlamaq, işi, iş mühitini, mahiyyətini öyrətmək də vacib amildir.
İşsiz insanlar dünyanın hər yerində var, bunların arasında da gənclər daha çox üstünlük təşkil edir. Ölkəmizdə bu baxımdan yaşanan acınacaqlı vəziyyətin qarşısını almaq üçün dövlət tərəfindən ciddi tədbirlərin görülməsinə ehtiyac var.