Ailə də hər şey olar deyirlər, mehribanlıq, hörmət, sevgi, qayğı, diqqət, sədaqət, eyni zamanda dava-dalaş, söz-söhbət, inciklik və s. Bu kimi halların olmasını hamı normal qarşılayır, ancaq bəs uşaqlar? Hansı ki, həyatı yenicə dərk etməyə, valideynlərindən, ətrafındakılardan nə isə öyrənməyə çalışan, onları təqlid edən, kimlərisə özlərinə nümunə götürərək ideal hesab edən uşaqlar.
İndi düşünün ki, onların gözü qarşısında ata anaya əl qaldırır, söyüş söyür. Bununla da o uşağın dünyası məhv olmuş olur. Sözün əsl mənasında yaxşı övlad istəyən valideynlər gərək bu cəhətləri də nəzərə alsınlar.
Məni bu yazını yazmağa vadar edən səbəb dünən gecə səs eşidib diksindiyim və istəmədən “qulaq müsafiri” olduğum hadisə oldu. Səs-küydə ən çox eşitdiklərim olduqca murdar söyüşlər idi, kişi həyat yoldaşını təhqir edirdi, hətta həyat yoldaşının qardaşı, özünün anası da orada idi.
Onların səsini aydın eşitməyimə səbəb isə evdə deyil həyətdə dalaşmaqları idi. Bir insan illərdir bir yastığa baş qoyduğu, uşağının anası olan qadına necə o cür dəhşətli sözləri deyə bilər axı, necə onu alçalda bilər. O kişiyə qadın nə etsə belə heç cür haqq qazandırmıram, bu alçaqlıqdan, murdarlıqdan başqa bir şey deyil.
Ən dəhşətlisi o idi ki, onların bu mübahisələrinin günahsız şahidi 3-cü sinif şagirdi olan oğulları idi. Uşağın hansı hisslər keçirdiyini deyə bilmərəm, şükür Allaha ki, ailəmizdə belə halların şahidi olmamışam. Ancaq hər halda hər birimiz o uşağın necə pis olduğunu, içində bir şeylərin qırıldığını duya bilərik.
Heç nə yox o uşağın halına çox acıdım. Bəlkə də ölkəmizdə belə ailələr çoxdur, içəndə və ya elə adi halda gözləri dönür nə dediklərini, nə danışdıqlarını bilmirlər. Söyüş söyməklə qalmadı həyat yoldaşını vurdu da, əlinə keçəni də sındırıb, dağıtdı.
Mənim kimi yəqin bir çox qonşular onların bu davalarının şahidi oldular, mənim onlara olan hörmətim artıq yox oldu, yəqin bir çoxları üçün də belədir. Heç vaxt qadına əl qaldırılmasına haqq qazandırmaq olmaz, hələ elə murdar, eybəcər söyüşlər söyməyə isə qətiyyən! Əksinə valideyn uşağın belə sözlərdən uzaq, xəbərsiz olmasına, söyüş işlətməməsinə çalışmalıdır. Nə yazıq ki, əksər valideynlər bunu dərk etmək istəmirlər.