Insanların çox qəribə düşüncə tərzləri var, ya hər şeyi həddindən artıq böyüdərək qarışqadan fil edir, ya da vacib məqamlara çox səthi yanaşırlar.
Mən psixoloq yanına gedən insanların dəli olduğunu düşünən insanları başa düşmürəm. Düşünürəm ki, onlar psixoloqla psixoterapefti, psixiatrı səhv salırlar. Insanların psixoloqa üz tutmaqları çox təbiidir. Əgər ürəyimiz ağrıyanda kardioloqa, dişimiz ağrıyanda stomatoloqa müraciət ediriksə beynimiz ağrıyanda, yorulanda psixoloqa müraciət etməyimiz niyə dəlilik kimi qəbul edilməlidir və ya “ayıbdır, mən psixoloqa getsəm mənə dəli deyərlər” kimi fikirlər səslənməlidir? Bu sual məni həmişə düşündürüb.
Sadəcə olaraq bəzən problemlərdən beynimiz həddindən artıq yorulur, insan özünü çarəsiz hesab edir, hiss etdiklərini, düşündüklərini deməyə adam axtarır. Axtardığın insanı qismən də olsa tapırsansa o səni düzgün anlayacaqmı? sualı meydana çıxır. Ona görə də ən yaxşısı öz sahəsinin professionalı olan psixoloqlara müraciət etmək daha düzgündür.
Başqasına deyə bilmədiklərini, səni yoran, narahat edən, bəzən də utanaraq yaxınlarına deyə bilmədiklərini asanlıqla psixoloqa deyirsən. Hər dəfə sən onunla danışanda daha da yüngülləşirsən, bəzən onun sənə tövsiyyələrini də dəyərləndirirsən. Zaman-zaman hər şeyin düzəldiyini görürsən.
Əgər bir şey səni narahat edirsə və bunun öhdəsindən gələ bilmirsənsə vaxtında psixoloqa müraciət etməyi düzgün hesab edirəm. Çünki bir problemi kökündən həll etməsək sonra onun fəsadları daha da böyük ola bilər. Və təbii ki, mütəxəsisə yəni psixoloqa müraciət etmək bu problemlərin daha tez aradan qalxmasına kömək edir. Mən çox sevinirəm ki, yaxın keçmişlə müqayisədə az da olsa insanların bu məsələyə münasibəti dəyişib və əminəm ki, tezliklə bu məsələyə münasibət kökündən dəyişəcək. Bu isə bizim özümüzdən asılıdır,biz başqalarına dəli kimi baxmasaq,başqaları da bizə elə baxmayacaq.